Bakı 176 ölkənin iştirak edəcəyi Şahmat Olimpiadasına ev sahibliyi edəcək

176 ölkənin 182-dən çox komandasının iştirak edəcəyi 42-ci Şahmat Olimpiadası, 1-14 sentyabr tarixlərində Bakıda keçiriləcək.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov öz məruzəsində bu haqda məlumat verib.

“Bu, olimpiada tarixində iştirak edən ölkələrin sayına görə ən yüksək rəqəmdir”. Komandalar avqustun 25-dən etibarən Bakıya yola düşəcəklər. 3100-ə yaxın atlet, məşqçi və idman jurnalistləri olimpiadada iştirak etmək üçün qeydiyyatdan keçiblər. Nümayəndələrin qalacağı otellər onları qəbul etmək üçün tam hazırdır.

Bakı Şahmat Olimpiadasının açılış mərasimi Bakı vaxtı ilə saat 19:00 da Milli Gimnastika Arenasında baş tutacaq. 2012-ci ildə Azərbaycan 42-ci Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququnu əldə edib. Bu qərar Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında qəbul olunub. Bolqarıstanın Albena və Estoniyanın Tallin şəhərləri də bu olimpiadaya ev sahibliyi etmək üçün müraciət etmişdilər,lakin onların müraciətləri qəbul olunmamışdı.

Mənbə: News.az