Bakcell şirkəti uşaq və gəncləri dəstəkləməkdə davam edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə təhsil və idman sahələri üzrə həyata keçirdiyi layihələr çərçivəsində uşaq və gənclərin inkişafına daim dəstək göstərməkdən qürur hissi duyur. Bakcell şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq görülüb. Şirkətin Təhsil və Korporativ Filantropiya kateqoriyaları üzrə layihələri 1-ci yerlərə, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə 3-cü yerə layiq görülmüşdür.

AmCham təşkilatının “CSR Excellence Award” mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfəsini vermiş üzv şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu mükafata namizəd şirkətləri seçmişdir.

“TOPs Proqramı – müasir təhsil texnologiyalarının tətbiqi ilə şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsinin icrasına 2014-cü ilin dekabr ayından başlanılıb. Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris metodikası ilə dəstəkləməkdir. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai sinif müəllimi faydalanıb. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən faydalanacaq. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə keçiriləcək.

Korporativ Filantropiya nominasiyası üzrə 1-ci yerə layiq görülmüş Bakcell şirkətinin Mançester Yunayted Futbol Məktəbi (MUSS) layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan gəncləri arasından istedadların üzə çıxarılması və gələcək futbol ulduzlarının yetişdirilməsi üçün imkan yaratmaqdır. Azərbaycanda həyata keçirilən Mançester Yunayted Futbol Məktəbi layihəsi gənc insanları, məşhur brendləri, peşəkar futbolu və möhtəşəm yerləri bir araya gətirən nadir layihədir. Dünyanın ən məşhur futbol klublarından biri olan “Mançester Yunayted” futbol klubunun tərəfdaşı olaraq, Bakcell Azərbaycan futbolunun inkişafına investisiya yatırmaqda davam edir.

Bakcell şirkətinin 3-cü yeri tutmuş “AppLab” layihəsinə ötən il start verilıb. Bu innovativ mobil developer layihəsi gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Sözügedən layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələrini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.