“Azərspace-1” peykinin son sınaq yoxlamaları keçirilir

“Azərspace-1” telekommunikasiya peykinin istehsalı ilə bağlı imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir. Belə ki, artıq peykin istehsalı tamamlanmışdır. Peyk hazırda son zavod testləri mərhələsindədir.

“Azerspace-1” peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın “Arianespace” şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilməkdədir.

Belə ki, peykın son sınaq yoxlamaları cari ilin 5 dekabr tarixinə kimi yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcəkdir. Daha sonra, peyk 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaqdır. Peykin gözlənilən tarixdə, 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.

“Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin istehsalına nəzarət edən “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı və peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı peykin sınaq yoxlamaları prosesini də yaxından izləməkdədirlər.

Mənbə: Azərcosmos