Azərbaycanda “E-Audit” layihəsinin icrası başa çatıb

Bu gün Bakıda «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» (E-Audit) tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycanın dövlət qurumları, Avropa Birliyi, BMT, Dünya Bankı və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyinin vergi qanunvericiliyi və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr həyata keçirdiyini bildirib. Bura AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturalar, elektron qeydiyyat və mobil imza layihələri aiddir.

 

«E-audit» tvinninq layihəsi barədə məlumat verən nazir Fazil Məmmədov qeyd edib ki, elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinə 3 il əvvəl başlanıb, 2010-cu ilin may ayında tender keçirilib və Avropa Birliyi tərəfindən müvafiq maliyyə resursları ayrılıb: «E-audit layihəsinin tərəfdaşı kimi Niderland Vergi və Gömrük Administrasiyası seçilib və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb».

 

Tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiterlinde çıxış ediblər. Tvinninq layihəsinin Vergilər Nazirliyi tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov layihənin Niderland Vergi və Gömrük Administrasiyası tərəfindən rəhbəri Yaap Snaterse və layihə üzrə rezident-məsləhətçi Leendert Kers elektron audit layihəsinin ilkin yekunları ilə bağlı təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda «E-audit» üzrə təlim proqramının iştirakçılarına Niderland Vergi və Gömrük Administrasiyasının Sertifikatları təqdim olunub.