Azərbaycan İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

 

Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafına dair yeni hesabat (Global Information Technology Report 2013) açıqlayıb.

“Hiperbağlantılı dünyada iqtisadi artım və məşğulluq” adlı hesabatda dünyanın 144 ölkəsi üzrə Şəbəkə Hazırlığı İndeksi (NRI) də öz əksini tapıb.

Azərbaycan reytinqdə ötənilki mövqeyini yaxşıladırıb və 4,11 bal toplayaraq 61-ci yerdən (ötən il indeks 142 ölkə üzrə tərtib olunub) 56-cı yerə yüksəlib.

DİF ekspertləri qeyd edirlər ki, reytinqdə mövqeyi ildən-ilə yaxşılaşan Azərbaycan, bir sıra ölkələr kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialını anlayıb və iqtisadiyyatın şaxələndirilməsi üzərində çalışır. Respublikanın cəlbedici cəhətləri arasında İKT-infrastrukturun ildən-ilə yaxşılaşdırılması, o cümlədən internetin buraxılış qabiliyyəti və internet xidmətlərinə əlverişli çıxışın (İKT xidmətlərindən istifadə qiymətlərinə görə ölkə 20-ci yeri tutub) olması göstərilir. Həmçinin analitiklər genişzolaqlı rabitə (53-cü yer) və genişzolaqlı mobil rabitə (50-ci yer) abunəçilərinin sayının  artmasını vurğulayırlar. Dövlət dəstəyi və İKT-nin hökumət üçün əhəmiyyət kəsb etməsi də ölkənin üstün tərəfləri kimi qeyd edilib.

Bundan başqa, Azərbaycan internet istifadəçilərinin (ümumi reytinqdə 56-cı yer) sayına görə MDB və region ölkələri arasında liderlik mövqeyini də qoruyub, habelə 23 dünya ölkəsi ilə birlikdə əhalisini 100 faizlik mobil siqnalla əhatə edən ölkələrdən biri olub.

Hesabat tərtibçiləri innovasiya və sahibkarlığın stimullaşdırılmasının ölkədə iqtisadi və sosial proseslərə əlavə impuls verəcəyinə xüsusi diqqət yetirirlər.

Ötən il olduğu kimi, Azərbaycan Qazaxıstan və Rusiya ilə yanaşı MDB məkanında informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkələr hesab ediliblər.

2002-ci ildən tərtib edilən reytinqdə bu il birinci yeri əvvəllər 3 il ardıcıl olaraq liderlik edən İsveçi (3-cü yer) qabaqlayan Finlandiya tutub. İkinci yerdə bir il əvvəl olduğu kimi Sinqapur qərarlaşıb.

İlk onluqda Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Tayvan kimi ölkələr də yer alıb.

mənbə : http://mincom.gov.az