Azərbaycan “Elektron hökumət” quruculuğunda böyük nailiyyətlər əldə edib

Azərbaycan “Elektron hökumət” quruculuğunda böyük nailiyyətlər əldə edib. Bu mənada Birləşmiş Millətlər Təşkilatının “Elektron hökumət”in ikişafına dair tərtib etdiyi reytinq cədvəlində  ölkəmizin aldığı yüksək qiymət böyük əhəmiyyət kəsb edir.

Belə ki, BMT-nin hazırladığı “Elektron Hökumət Sorğusu 2016” hesabatında Azərbaycan “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə əvvəlki mövqeyini 12 pillə artıraraq 193 ölkə arasında 68-ci yerdən 56-cı yerə yüksəlib. “Elektron-İştirak İndeksi” üzrə ölkəmiz mövqeyini 30 pillə artıraraq 47-ci mövqedə qərarlaşıb.

“Elektron Hökumətin İnkişaf İndeksi”nin əsas meyarları “Elektron hökumət” portalının təqdim etdiyi elektron xidmətlərin istifadə baxımından daha rahat və sadə interfeysli olmaqla yanaşı onların funksionallıq baxımından istifadəçi yönümlü olmasıdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Elektron hökumət” portalının koordinatoru Cəmşid Naxçıvanski bildirib ki,  bu sahədə Azərbaycan xeyli nailiyyət əldə edib. Belə ki, “Elektron hökumət”dən istifadə indeksi elektron xidmətlərin istifadəçilər tərəfindən populyarlığı ilə ölçülür ki, 2016-cı ilin ilk yarımili ərzində “Elektron hökumət” portalına müraciətlərin sayı 8 milyondan çox olub. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 30 faizidir.

Cəmşid Naxçıvanski həmçinin qeyd edib ki, “Elektron hökumət” portalının operatoru olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirilyi  dövlət və özəl qurumlarla sıx əməkdaşlıq edir və vətəndaş yönümlü elektron xidmətlərin yaradılmasında mühüm rol oynayır.

“Misal olaraq vətəndaşlar tərəfindən ən çox istifadə olunan elektron xidmətlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərini göstərmək olar. Həmçinin Dövlət Gömrük Komitəsinin təqdim etdiyi “Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” elektron xidmətinə də daha çox müraciət edilir. Son aylar ərzində bu xidmətlərə bir milyona yaxın müraciət  qeydə alınıb.  Hal-hazırda portala 41 mərkəzi icra hakimiyyəti orqanın təqdim etdiyi 423 elektron xidmət inteqrasiya olunub. Əhalini tam avtomatlaşdırılmış elektron xidmətlərlə təmin etmək məqsədilə portal gündən-günə təkmilləşdirilərək sadələşdirilir ki, bu da istifadəçi sayının artmasına səbəb olur”.

“Elektron hökumət” portalı virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir və vətəndaş, dövlət və özəl sektor arasında olan fəaliyyəti əlaqələndirən vacib alət rolunu oynayır.

Eyni zamanda “Elektron hökumət” portalı qurumlar arasında elektron şəkildə qarşılıqlı əmək fəaliyyətinin təşkil olunması sayəsində vətəndaşlardan tələb olunan sənədlərin azaldılmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edən bir mexanizmidir. Bunlar vətəndaşların rifahının yüksəldilməsi istiqamətində ölkədə aparılan siyasətin və yaradılmış münbit şəraitin nəticəsidir.