“ASAN Səyyar Xidmət”Regionlarda Fəaliyyətə Başlayır!

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda “ASAN xidmət” şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada təqdim edilməsini təşkil etməkdədir.

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş iri həcmli xüsusi avtobuslar artıq səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaqdır.

Bu məqsədlə 5-20 iyun tarixində Şirvan və Hacıqabul şəhərlərinin sakinləri Dövlət Agentliyinin təqdim etdiyi “Səyyar xidmət”lərdən Şirvan şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,  Daxili İşlər Nazirliyi,  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Bu xidmətlərə aşağıdakılar daxildir:

–         Notariat fəaliyyəti

–         Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

–         Ümum vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

–         Sürücülük vəsiqələrinin dəyişdirilməsi

–         Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

–         Əmək pensiyalarının təyin edilməsi

–         Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

–         Daşınmaz əmlakın təsvirinə,  dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına  (yüklülüyünə)  dair dövlət reyestrindən arayışların verilməsi

“Səyyar  xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara da harahat,  yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.