Apple iPhone 5-ə görə $130 mlrd. itirib

Dünən Apple şirkətinin səhmlərinin qiyməti son 5 ay ərzində ən minimal həddə çatıb. Səbəb isə – iPhone 5-in daimi qıtlığı.

Terri Jou (Terry Gou), yeni məhsulun yığılması ilə məşğul olan Foxconn Technology Group-un rəhbəri, açıqlamasında istehsalatın sürətləndirilməsinin və cihaza olan yüksək tələbatın qarşılanmasının mümkün olmadığını vurğulamışdır. Əsas səbəb isə müştərilərin çoxsaylı şikayətlərindən sonra buraxılan iPhone 5-lərdə ciddi keyfiyyət nəzarətinin aparılmasıdır.

Qıtlıq olduğuna görə, Apple-ın çoxsaylı potensial istifadəçiləri rəqib şirkətlərin cihazlarına keçirlər. Hadisələrin bu cür inkişafı investorların və qiymətli kağız sahiblərinin gözləmlərində özünü mənfi tərəfdən göstərir və nəticədə səhmlərin qiymətinə təsir edir.

Amma bu yeganə səbəb deyil. Apple səhmlərinin ucuzlaşmasına digər bir səbəb analitiklərin narahatlığıdır. Onları iPad 4-ün sakit təqdimatı və Android cihazlarına göstəricilərinə görə ciddi şəkildə uduzan iPad mini-nin çıxışı çaşbaş salıb.

Xatırladaq ki, iPhone 5-in təqdimatı günü Apple səhmləri rekord qiymətə çatmışdı, bir ədədi – $705,07. Dünən isə onların qiyməti $555,75 kimi 20% düşüb. Bununla Apple şirkətinin dəyəri 130 mlrd. azalıb (Apple şirkətinin ümumi bazar dəyəri – $525 mlrd-dır).