Apple iOS 6 : Nələr Bilirik?

Apple şirkəti hələ də iOS 6 barəsində tam ətraflı məlumat verməsə də iyun ayındakı iclasdan sonra yeni əməliyat sisteminin özəllikləri ilə bağlı bir sıra “nağıllar” gəzməyə başladı. Beta versiya istifadəçiləri və texnoloqların ən çox təkrarlanan və ehtimalı yüksək olan proqnozları sizə təqdim edirik.

Wi-Fi Plus Cellular

Apple Insider tərəfindən verilən məlumata görə yeni əməliyat sistemi internet əlaqəsində hər hansı problem baş verdiyi zaman avtomatik olaraq Wi-Fi və data plan arasında dəyişəcək. Bu funksiyanı seçənəklərdən aktivləşdirmək yaxud dayandırmaq mümkün olacaq. Hal-hazırki iOS əməliyat sistemlərində əgər internet əlaqəsində problem varsa işləməkdə olan prosses dayanır. Yeni funksiya tətbiqetmələrin yüklənməsi və yenilənməsi, FaceTime əlaqə və s. internet əməliyatı sırasında işin yarımçıq qalması riskini ortadan qaldıracaq.

Bluetooth Paylaşım

Hazırki ən son versiya iOS əməliyat sistemi bluetooth vasitəsilə telefon kitabçasını (contact list) ötürmə, audio səsi səsləndiriciyə göndərmə, audio və video uzaqdan idarə, oyunda iştirak etmə və klaviatura ilə əlaqə funksiyalarını görə bilir. Yeni versiya iOS-da isə şəkil və digər sənədləri paylaşmaq mümkün olacaq. Aşağıda verilən görüntüdə də göründüyü kimi “Privacy” bölməsində xüsusiyətlərini dəyişmək mümkün olacaq.

Daha Çox İkona

Yeni versiya iOS istifadəçiləri 4 sətir əvəzinə artıq 5 sətir tətbiqetmə ikonası görəcəklər. Belə ki, ən son verilən məlumatlara gör iOS 6-nın beta versiyasını istifadə edən proqramçılar əlavə ikona sətri yerləşdirməyə nail olublar.

Görüntü Dəyişikliyi

Başqa xəbərə görə iOS 6 artıq yeni kəskinlik seçənəyini dəstəkləyəcək. Belə ki, 640×1136 kəskinliyə sahib olacaq yeni versiyada Apple şirkətinin çox asanlıqla 4 inç displeyə sahib iPhone 5 istehsal edə biləcəyi güman edilir.

Şifrəsiz Yükləmə

Sildiyiniz, yeniləmək istədiyiniz, yaxud pulsuz tətbiqetmələri yükləmək üçün şifrə tələb olunmayacaq. Bu da uzun yaxud çətin xatırlanan şifrələri daxil etməkdən istifadəçiləri xilas edir. Bəzi ekspertlərin fikrincə bu təhlükəsizlik üçün narahatçılığa səbəb ola bilər.

YouTube Olmayacaq

Bildiyiniz kimi hələ ilk iPhone istehsal olunduğu zamanlardan bu yana YouTube quraşdırılmış şəkildə satışa çıxarılırdı. Apple şirkəti artıq buna son verəcək. Bunu Google və Apple arasındakı müharibənin nəticəsi kimi qiymətləndirənlər də var. Google şirkətinin son açıqlamasına görə artıq YouTube tətbiqetməsinin yayımlanmasına çox az qalıb. İstənilən istifadəçi artıq Apple Store-a müraciət edərək tətbiqetməni yükləyə biləcək. Əslində bu o qədər də qorxulu deyil. Siz Safari vasitəsilə YouTube-un mobil versiya saytına daxil olaraq videoları eyni keyfiyətdə izləyə bilərsiniz.

Google Maps yerinə Apple Maps

Yeni versiya iOS əməliyat sistemində başqa Google məhsulu da yığışdırılıb. Belə ki, Apple şirkəti özünə məxsus Maps tətbiqetməsi üzərində çalışır və yeni versiya əməliyat sistemində öz xəritəsini və naviqatorunu təqdim edəcək.

Digər yeniliklər…

İyul ayının sonlarından bu günə qədər yayılan xəbərlərə əsasən demək olar ki, 200-ə yaxın yenilik gözlənilir. Bunlara misal olaraq loyal müştəri kartları, kino biletləri, hədiyə kartları və uçuş biletləri üçün mərkəzi Passbook mağazası, data planla FaceTime, gücləndirilmiş Facebook inteqrasiyası, onlayn foto paylaşım və təkmilləşdirilmiş Siri göstərilə bilər.