Android Planşet Bazarında İlk dəfə iOS-u Ötüb

Planşet bazarının əməliyyat sistemləri tarixində ilk dəfə lider dəyişib. Bu barədə “Canalys” şirkətinin analitikləri məlumat verib. Belə ki, rübün nəticələrinə görə birinci yeri “Apple” şirkətinin “iOS” platformasını qabaqlayan “Android” əməliyyat sistemi tutub.

2013-cü ilin aprel-iyun aylarında dünyada 34 milyon planşet kompüter istehsal edilib ki, bu da bir il əvvəldən 43 faiz çoxdur. Tədarük edilən qurğuların 53 faizi “Android”in idarəetməsi ilə işləyib, “iOS”-un payı isə 42,7 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin ikinci rübündə “Apple” planşet satışının 71,2 faizinə nəzarət edib.

İl ərzində “iPad” planşetinin buraxılışı 14,2 faiz azaldığı halda rəqib şirkətlər kiçik modellərə tələbatın artması sayəsində böyük artım dinamikası nümayiş etdiriblər.

Lakin tədarük həcminə görə “Apple” ilə hələ də rəqabət apara biləcək istehsalçı yoxdur. Hesabat dövrü ərzində14,6 milyon “iPad” satışa hazır vəziyyətdə olub. ABŞ istehsalçısının yaxın izləyicisi “Samsung” şirkəti “Galaxy” seriyasından 7,3 milyon planşet tədarük edərək ötən il qeydə alınan nəticəni təxminən 300 faiz yaxşılaşdırıb. Nəticədə nəhəng Cənubi Koreya istehsalçısının payı 21,6 faizə çatıb.

Nəhəng istehsalçılar siyahısında üçüncü yerə “Amazon” şirkəti yüksəlib. Bu şirkət “Kindle Fire” planşetlərinin buraxılışını 266 faiz genişləndirərək 1,55 milyon ədədə çatdırıb ki, bu da ona 4,5 faizlik paya sahib çıxmağa imkan verib. Adıçəkilən şirkətlərdən sonra 4,3 faizlik göstərici ilə “Lenovo” və “Acer” istehsalçıları qərarlaşıb. “Digərləri” kateqoriyasına aid şirkətlər ikinci rübün planşet tədarükünü 100 faiz – 7,7 milyon ədəd artımla başa vurublar. Bura “Windows” əməliyyat sisteminə üstünlük verən istehsalçılar, eləcə də Çin brendləri daxildir.

“Canalys” şirkətinin mütəxəssisləri əmindirlər ki, “Apple”-ın planşet bazarında payının azalmasına baxmayaraq şirkət yaxın illər ərzində bu qurğuların ən mənfəətli istehsalçısı olaraq qalacaq. ABŞ istehsalçısı ucuz modellərin populyarlığının artmasına reaksiya verərək “iPad mini” modelini buraxaraq bu seqmentdə yenilənmə hazırlayır, –  “DailyComm” yazır.

 

Mənbə : http://mincom.gov.az