Android-ə qarşı yeni virus təhlükəsi

Android mobil əməliyyat sisteminin təhlükəsizlik sistemində aşkar edilmiş boşluq sayəsində sözügedən platforma ilə işləyən smartfon və planşetlərin 99%-i təhlükə altındadır.

Bazarda Android platforması ilə işləyən 900 milyondan çox cihaz mövcuddur.

ICTnews  bildirir ki, Bluebox Security-nin mütəxəssisləri Google-un əməliyyat sistemindəki boşluğu aşkar ediblər. Onların sözlərinə görə, kibercinayətkarlara APK faylının tərkibini dəyişdirməyə imkan verən metod mövcuddur. Başqa sözlə, ilk baxışda təhlükəsiz görünən proqram və oyunlarda virus ola bilər.

Troyan sayəsində hakerlər mobil qurğuların proqram tərkibinə məsafədən giriş əldə edə və hətta istifadəçidən xəbərsiz SMS mesajlar göndərərək və ya zənglər etməklə onları idarə edə bilərlər.

Bluebox Security-dən verilən məlumata əsasən, boşluq hələ 4 il əvvəl buraxılmış Android 1.6 mobil əməliyyat sistemində aşkar edilib. Mütəxəssislər bu barədə Google şirkətinə bildirmişdilər, lakin boşluq hələ də qalır.

mənbə: milli.az