Android artıq Flashi dəstəkləmir

 

Adobe Systems Android bazasında olan mobil cihazlarda Flash Playeri dəstəkləməkdən imtina edib. İndi Google Play tətbiqetmə mağazası vasitəsiylə Flash yükləyib quraşdırmaq mümkün deyil. İlk əvvəllərdə Google, Android platformasının Flashi dəstəkləməsini iOS üzərində üstünlük kimi irəli sürürdü. Xatırladaq ki, Apple böyük həcmdə interaktiv Flash məzmuna girişi dəstəkləmədiyi üçün dəfələrlə tənqid edilib. Stiv Cobsun Flash Playerə qarşı olan qəti mövqeyinin səbəbləri var idi. O səbəb kimi göstərirdi ki, “bizim mütəxəssislər bir neçə il ərzində Adobe şirkətindən bütün mobil cihazlarda yaxşı işləyəcək Flash texnologiyasını göstərmələrini istədilər. Amma bu baş vermədi”. Göründüyü kimi bu iddialar əsassız deyildi. Son versiya Android -4.1 Jelly Bean Flashi tamamilə dəstəkləmir. Bununla yanaşı Google cihazlarda yenilənməni etdikdən sonra problemlər çıxmasın deyə playeri silməyi məsləhət görür. Artıq player Google Playdə yüklənmə üçün yoxdur, eyni zamanda Android istifadəçiləri üçün də gərəksizdi. Mobil bazarın inkişafının sürətlə getdiyini nəzərə alsaq mövcud vəziyət HTML5-in praktiki olaraq sözsüz qələbəsi deməkdi. Playerlə hələlik vidalaşmağa tam hazır olmayan yeganə şirkət Microsoftdur. Amma, onlar da Windows 8 bazasında olan planşetlərdə Internet Explorer 10 tətbiqetməsi çərçivəsində Flash dəstəyinin məhdud olacağını bəyan ediblər.