Agent Dash

Full Fat Games tərəfindən Android və iOS platformaları üçün yaradılmış bu oyun həddindən artıq aludəçilik yaradan oyunlar silsiləsindəndir. Klassik Temple Run tipli oyunlar oynamısınızsa demək ki, bu oyunun nə tipli oyun olduğu barəsində fikir sahibisiniz. Qısacası, oyun klassik Temple Run tərzində qaçış oyunudur.


Klassik qaçış oyunlarından bir sıra üstünlükləri ilə seçilən oyun çox qısa zamanda kifayət qədər məşhurlaşmağı bacardı. Üstünlükləri sadalasaq ən başda qrafika gələr. Öncəki oyunlara nisbətən daha canlı və 3D qrafikaya sahib olan oyunun həm mobil, həm də planşet versiyaları mövcuddur. Agent Dash meşədə, tuneldə və müxtəlif yerlərdə almazları toplayaraq qaçmağa davam edir. İdarə etmə sadədir. Temple Rundan xatırladığınız kimi qəhrəmanı sağa və sola hərəkət etdirmək üçün cihazı əymək lazım idi. Smokin geyinmiş Agent Dash-i hərəkət etdirmək üçün isə displeydə barmağınızı sürüşdürməlisiniz. Odur ki, rütubətli havada oynamaq məsləhət deyil.

Qəhrəman bəzi yerlərdə silahlanır, bəzi yerlərdə isə bir sıra cihazlardan istifadə edir. Topladığınız almazlarla bir sıra yardımçı cihazlar ala bilərsiniz. Əslində oyun monoton təəssürat bağışlasa da bir müddət sonra o qədər aludə olursunuz ki, oyundan ayrılmaq istəmirsiniz. Bir çox oyunu bir müddət oynadıqdan sonra silməyimə baxmayaraq Agent Dash həm iPhone, həm də iPad planşetimdə qalır.

Oyunun ən zəif cəhətlərindən biri qəhrəman öldükdən sonra ən başdan başlama zərurətidir. Bir müddət sonra bu özəllik bezdirici görünə bilər. Amma oyunun kifayət qədər maraqlı olduğunu nəzərə alsaq bu mənfi cəhət unudulur.