ABŞ-da iPhone qadağası

ABŞ “Apple” şirkətinin istehsalı etdiyi “iPhone-4” smartfonlarının  və “iPad-2” planşet kompüterlərinin idxalını qadağan edib.

CNN-in verdiyi məlumata görə, ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyasının bu qərarı qəbul etməsinə səbəb olaraq “Apple” şirkətinin bu mobil qurğuların istehsalı zamanı Cənubi Koreyanın “Samsung” şirkətinə məxsus ixtira hüququnu pozması göstərilir.

“Apple” bu smartfon və planşet kompüterləri Çində istehsal edir və bu qadağa yalnız ABŞ bazarını əhatə edir. Nəzəri olaraq bu qadağa “Apple” şirkətinə milyardlarla dollar ziyan vura bilər, lakin prezident Barak Obama 60 gün ərzində bu qadağanı ləğv etmək səlahiyyətinə malik olduğunu da qeyd edək. Barak Obama administrasiyasının ticarət mübahisələri ilə bağlı qadağalar qəbul edilməsinin əleyhinə olduğu da bəllidir. Elə buna görə də iyunun 4-də Ağ Ev Konqresə Beynəlxalq Ticarət üzrə Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi ünvanlayıb.

“Apple” şirkəti də Beynəlxalq Ticarət üzrə Komissiyasının qərarından məyus olduğunu bildirib və bu qərara yenidən baxılmasına nail olmağa çalışacaqlarını bildirib.