60 gün ərzində 32754 müraciət

“ASAN xidmət”ə 60 gün ərzində 32754 vətəndaş müraciət etmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə 15 yanvar 2013-cü il tarixindən mart ayının 17-nə kimi (60 gün) 32754 vətəndaş müraciət etmiş, xidmətlərdən yararlanmışdır.

Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca fərqlənmişdir.

Pilot layihə çərçivəsində Mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi  23 adda xidmət həyata keçirir.

Həmçinin vətəndaşlar 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər. Bu, fevral ayının 1-dən fəaliyyətə başlamış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli “Çağrı” mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkündür. “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.