5 Giqahers Tezlikli Prosessor Təqdim Edilib

AMD şirkəti fərdi kompüterlər üçün nəzərdə tutulmuş dünyanın ilk 5 giqahers takt tezliyində işləyə bilən AMD FX-9590 prosessor modelini təqdim edib.

Vishera kod adlı AMD FX-9590 Bulldozer-in varisi Piledriver mikroprosessor arxitekturasının bazasında işləyir. Prosessor 8 nüvəyə malikdir və 32 nanometrlik texnoloji proses üzrə hazırlanıb.

Şirkət nümayəndələri prosessorun enerji sərfiyyatı daxil olmaqla onun texniki xarakteristikalarını açıqlamayıblar, lakin söhbət Turbo Core texnologiyasının aktivləşmə rejimində tezliyindən – takt tezliyinin artırılması rejimindən gedir. Baza tezliyinin təxmini göstəricisi 4,5 giqahers təşkil edir, Cnews yazır.

AMD FX seriyasına daxil olan prosessorların hamısı Turbo Core texnologiyasını dəstəkləyir, lakin onlardan heç biri 4,2 giqahers takt tezliyindən çox yüksəklikdə işləyə bilmir. Mövcud AMD FX prosessorlarının ən güclüsünün enerji sərfiyyatı (TDP) 125 vatt təşkil edir.

Digər prosessorlar kimi yeni çip də oyun həvəskarları üçün nəzərdə tutulub. AMD prosessorun tədarükünə 2013-cü ilin yayında başlamağı planlaşdırsa da, qiyməti barədə açıqlama verməyə tələsmir.

 

 

 

Mənbə: http://www.mincom.gov.az/