17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib. BMT Baş Assambleyası 27 mart 2006-cı ildə 17 may tarixini “Beynəlxalq İnformasiya Günü” elan edib. Bunun nəticəsi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ilin noyabrında gələcəkdə 17 may tarixini “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd etməklə bağlı qərar qəbul edib.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və «rəqəmli fərqliliyin» aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.

Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən 2013-cü il üçün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günün mövzusu “İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması” seçilib.

BMT-nin məlumatına görə, hər il dünyada baş verən yol-nəqliyyat hadisələri zamanı 1,3 milyon nəfər həlak olur, 20-50 milyonadək insan isə xəsarət alır.

BTİ BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı ixtisaslaşmış təsisatı kimi üzvlərdən İKT-nin kataliz rolundan yol hərəkətinin təhlükəsizliyinin artırılması və yol hərəkətinin təşkili sisteminin təkmilləşdirilməsi üçün istifadə edəcəklərini gözləyir.

Təşkilatın qeyd etdiyinə görə, sürücülərin diqqətsizliyi və yol hərəkəti iştirakçıları tərəfindən SMS-in göndərilməsi və avtomobildə quraşdırılan naviqasiya sistemləri və ya rabitə vasitələri ilə təmasları daxil olmaqla özünü büruzə verən davranışları yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarına səbəb olan əsas amillər sırasındadır.

Bununla bağlı BTİ baş katibi Hamadun Ture avtomobili idarə edərkən diqqəti mobil telefona və naviqasiya sistemlərinin sazlanması kimi texniki vasitələrə yayındırmamağın vacibliyini müraciətində çox aydın şəkildə qeyd edib. “İdarəetmə prosesində mətnli məlumatların göndərilməsi və ya Twitter-dən istifadə çox təhlükəlidir və bundan tam imtina etmək lazımdır”.

mənbə : http://www.mincom.gov.az