150 dollara iPhone olarmı?

Apple şirkətinin telefonuna bənzər telefon səssiz sədasız meydana çıxdı, həm də heç kimin ağlına belə gətirə bilməyəcəyi bir qiymətə, cəmi 150 dollara. Milyonlarla istifadəçinin maraqla gözlədiyi Apple şirkətinə məxsus yeni ağıllı telefonun iPhone 5S-dən əvvəl meydana çıxdığı məlum oldu. Belə ki, iPhone 5S telefonunun dizaynına bənzər olan bu telefon Çində GooPhone i5S adı ilə satışa təqdim olundu. Çin istehsalı olan bu telefon öz orijinal növünə xarici görünüşcə nə qədər eynilik təşkil etsə də, daxili funksiyalarına görə bir-birindən kəskin şəkildə fərqlənir.

1 GHz MediaTek prossessoru ilə işləyən və 8 Gb daxili yaddaşa malik saxta iPhone 5S, Android 4.1.2 Jelly Bean prossessoru vasitəsilə istifadə olunur. Lakin Android-in interfeysi iOS interfeysi ilə bir-birinə bənzəyir və iPhone-dan o qədər də başı çıxmayan adamı hansının orijinal, hansının saxta olduğuna dair yanılda bilər. Hazırda 150 dollara satılan bu telefon hələlik yalnız Çin hüdudlarında istifadə olunur.