14 Yaşın Mübarək Google

Bu günə kimi hamı Google şirkətinin müxtəlif alimlərin, tarixlərin və hadisələrin öz ana səhifəsində qeyd etdiyinin şahidi olub. Bu dəfə isə Google öz ad gününü qeyd edir. 14 yaşının tamam olması münasibəti ilə Google öz loqotipini yeni “doodle” dizaynla əvəzləyib. Google şirkətinin bu dəfəki “doodle” dizaynını əvvəlki 13 dizayndan fərqləndirdiyi isə gözümüzdən qaçmadı. (öncəki dizaynlara bu linkdən baxa bilərsiniz)

Ad günün üçün hazırlanan öncəki “doodle” dizaynlardan fərqli olaraq bu dəfəki loqotip animasiyalıdır. Əsas diqqət isə animasiyanın sonuna çəkilməlidir. Google ana səhifəsinə daxil olduğunuz zaman şokoladlı tortun Google loqotipinin üzərini örtdüyünü və üzərində 14-cü yaşı simvolizə edən 14 ədəd şam görürsünüz. Daha sonra həmin tort yavaş-yavaş “yeyilir” və sona qalan “tort qabının” rəngləri Google sözünü əmələ gətirir. Hər zamanki kimi ənənəvi Google rəngləri – mavi, qırmızı, sarı, mavi, yaşıl, qırmızı – qorunmaq şərtilə.

SearchEngineWatch isə başqa bir məsələni də açıqlayıb. Saytın fikrincə sonra qalan tort məqsədyönlü şəkildə olmasa da Rorschach test sayıla bilər. Belə ki, sonda qalan hissə “Poople” yaxud “People” sözünü əmələ gətirir, hansı ki, Google şirkətinin gücü insanlara və istifadəçilərə verdiyinin göstəricisidir.